Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsi barədə sərəncam imzalayıb. Təhvil-təslim beş ay müddətinə həyata keçiriləcək.
Sərəncama görə, “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə Azərbaycanın müvafiq normativ hüquqi aktları təkmilləşdiriləcək.
İctimai maraqlar baxımından belə səmərəsiz, özəl şirkət kimi daha çox şəxsi cibə işləyən şirkəti dövlət elə idarəetməyə versə yaxşıdır.Rövşən Ağayev, ekspert
İqtisadçı ekspert Rövşən Ağayev səmərəsiz işləyən dövlət müəssisələrinin idarəetməyə verilməsini vacib sayır.
“Türkiyənin Milli Piyango İdarəsinin 2019-cu üzrə hesabatına görə, şirkət satışdan əldə etdiyi ümumi gəlirdən uduş fondu xərcləndikdən sonra yerdə qalan 1.744 mlrd. lirənin 1.438 mlrd. lirəsini və ya 82,5%-ni müxtəlif vergilər (ƏDV, mənfəət, dividend, şans oyunları vergisi və s.) formasında xəzinəyə köçürüb. "Azərlotereya" isə 2019-da uduş fondundan sonra yerdə qalan 25.1 mln. manatlıq gəlirin cəmi 4,965 mln. manatını və ya cəmi 20%-ni xəzinəyə köçürüb. İctimai maraqlar baxımından belə səmərəsiz, özəl şirkət kimi daha çox şəxsi cibə işləyən şirkəti dövlət elə idarəetməyə versə yaxşıdır,” o qeyd edib.
İqtisadçı Samir Əliyev isə deyib ki, 2019-cu ildə “Azərlotoreya” ASC dövlət büdcəsinə və büdcədənənar fondlara ümumilikdə 4,5 milyon manat, dividend şəklində isə 500 min manat ödəyib.
“Şirkət 2019-cu ildə ümumilikdə 60 milyon manata yaxın gəlir əldə edib. Şirkətin aktivləri 16,6 milyon manatdan çoxdur. Şirkətin bağlanmış “Texnikabank”da 1 milyon manatdan çox vəsaiti ümidsiz olaraq qalmaqdadır,” ekspert qeyd edib.