Prezident İlham Əliyev Azərbaycanın azad edilmiş ərazilərində avtomobil və dəmir yollarının çəkilişinin başlanıldığını, yeni aeroportların tikiləcəyini bildirirb.
Dövlət başçısı yanvarın 6-da Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirəsində deyib ki, artıq Şuşaya, Laçına, Kəlbəcətə yeni avtomobil yollarının çəkilişinə başlanılıb.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən bərpa olunub və bu otuz ildən çox davam edən münaqişənin davamı olub.
Noyabrın 10-da əldə edilən Azərbaycan, Ermənistan və Rusiya razılaşması hərbi əməliyaların dayandırılmasına səbəb olub. Razılaşmaya əsasən bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib.
Azərbaycanın 2021-ci ilin təsdiq olunmuş dövlət büdcəsində regionda bərpa və yenidənqurma işlərinin aparılması üçün 2,2 milyard manat vəsait ayrılıb.
Prezident Əliyev hesab edir ki, Şuşa şəhərinə ənənəvi yollar hazırda o qədər də məqbul deyil.
“Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik.”
Noyabrın 10-da imzalanmış bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq.
“Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək,” o qeyd edib.
Prezident Toğanalı (Göygöl) - Kəlbəcər yolunun inşasına da start verildiyini deyib.
“Bu çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq.”
Onun sözlərinə görə, hazırda Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilişi üçün hazırlıq işləri aparılır.
Əliyev Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılması barədə göstəriş verdiyini bildirib.
“Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır.”
Dövlət başçısı hazırda işğaldan azad edilmiş ərazilərdə dəmir yollarının çəkilişi ilə bağlı hazırlıq işlərinin getdiyini deyib.
“Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma, hər hala indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək.”
O Horadiz-Ağbənd dəmir yolunun yenidən tikiləcəyini deyib.
“Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq.”
Əliyev dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinin bərpası ilə bağlı Rusiya ilə danışıqlar aparıldığnı bildirib.
“Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir,” o qeyd edib.