Azərbaycanın üç ən ucqar kəndindən biri - Sarıbaş kəndi

Your browser doesn’t support HTML5

Bu yol Azərbaycanın üç ən ucqar kəndindən birinə gedən yoldur. Sarıbaş kəndi Böyük Qafqaz dağ silsiləsindəki yamaclardan birində — Qax rayonunda yerləşir. Qaxın mərkəzindən İlisu kəndinə qədər yol rahat olsa da, ordan Sarıbaş kəndinə qədər olan yeddi kilometrlik enişli və yoxuşlu yollarda təkcə “UAZ” markalı avtomobillər hərəkət edə bilir. Sarıbaş kəndi XVI əsrin ortalarında Dağıstandan köçüb gələn Mısafırar tayfalarından olan saxur ailələrinin məskunlaşması ilə yaranıb. Kənd Kürmük çayının sahilində, dağ ətəyindədir. Sarıbaş kəndində əvvəllər 1000-dən çox sakin yaşayıb. Lakin 1964-cü ildə Dağ kəndlərinin köçürülməsi qərarı ilə bu kəndin əhalisi aranda salınmış Cəlayır kəndinə köç etməyə məcbur olub. Buna baxmayaraq doğulub boya başa çatdığı kəndi tərk edə bilməyən sakinləri də var. Hazırda kənddə 10-15 ailə yaşayır. Əsasən qış fəslində çətinliklə üzləşən kənd camaatı yolun bərpa edilməsini, tarixin məhv olmasına icazə verilməməsini istəyir. Bir çox özəlliklərə malik olan Sarıbaş kəndi, sanki dağların ətəyində salınmış kiçik şəhərciyi xatırladır. Qədim zamanlardan kənddə sosial obyektlərin və hər cür infrastrukturun mövcud olması bunu deməyə əsas verir. Belə ki, kənddə daim elektrik enerjisi olub. Hətta Azərbaycanda ilk su elektrik stansiyası da məhz bu kənddə quraşdırılıb. Burada 360-şagird yerlik ümumorta məktəb binası, telefon qovşağı, 25 çarpayılıq xəstəxana, kitabxana və 1954-cü ildə inşa olunmuş mədəniyyət evi olub. Dağlarla əhatə olunmuş Sarıbaş kəndi “Ala göz”, ”Qaya altı”, “Daş üçən”, “Çanaxor”, “Qarşı dağ”, “Günaxay” kimi dağların əhatəsində yerləşən kənddən 1394-cü ildə Əmir Teymur şimala yol almaq üçün, 18-ci əsrdə Nadir şah Dağıstanı fəth etmək üçün məhz Sarıbaş yolundan istifadə edib. Həmçinin Sarıbaş, Rusiyanın Qafqaz xalqlarını tabe etdirmək üçün apardığı müharibələrə şahidlik edib. Tarixi faktlardan biri: İlisu sultanı Daniyal bəyin Qafqaz dağlılarının lideri Şeyx Şamilin “Azadlıq ordusu”na qoşulması məhz Sarıbaşdan keçərək mümkün olub.