Ötən gecə Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) beş nəfər sərhəd pozucusu İran tərəfdən Azərbaycan ərazisinə keçməyə cəhd göstərib. Sərhədçilərin həyata keçirdikləri tədbirlər nəticəsində sərhəd pozucularından biri zərərsizləşdirilib, dörd nəfər isə altı kiloqrama yaxın narkotik maddəni ataraq İrana qaçıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyulun 5-də Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında sərhəd dəstəsi İran tərəfdən beş nəfərin dövlət sərhədini pozduğunu aşkar edib. Sərhəd pozucuları Azərbaycan sərhədçilərinə tabe olmayaraq silahlı müqavimət göstərib.
Atışma zamanı sərhəd pozucularından biri, Azərbaycan vətəndaşı Məzahir Qurbanov yaralanıb və xəstəxanaya çatdırılarkən vəfat edib. Qalanları isə geriyə İrana qaçıb.
Məlumatda deyilir ki, sərhəd pozucularının yerə atdığı yükə baxış zamanı ümumi çəkisi 6895 qram narkotik maddə tapılıb. O cümlədən, 4065 qram heroin, 1385 qram tiryək, 325 qram metamfetamin, 1000 həb metadon, 260 həb preqabalin aşkar edilib.
Bundan əlavə, paketdə 10 ampul Ravit-8, 30 kapsul Vellman, 10 ampul – testosteron aşkar edilib.
Azərbaycanın İranla sərhədində insident sonuncu dəfə bu il mayın 15-də olub. Yardımlı rayonunun Gendərə kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığında 3 nəfər naməlum şəxs dövlət sərhədini İran tərəfdən qanunsuz olaraq keçərkən Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayaraq odlu silahdan atəş açıb və baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olub.
Bundan oncə, mayın 4-də Azərbaycanın Biləsuvar gömrük məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana "Bitum membranı" yükü aparan yük avtomobilindən 480 ədəd bağlamada çəkisi 244 kiloqram 344 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, may ayında 5 fakt üzrə 730 kiloqram 788 qram narkotik vasitənin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb.
Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaları əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.
Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.
2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.
Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.