Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, iki liderin danışıqları və ekspert rəyləri

Ilham Əliyev və Şarl Mişel

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdə olub.

Şarl Mişelin prezident İlham Əliyevlə görüşündə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələri, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycanın dövlət başçısı Şarl Mişelə azad edilmiş torpaqlarda gedən işlərlə bağlı məlumat verib, postkonflikt vəziyyət barədə danışıb.

Danışıqlardan sonra prezident İlham Əliyev və Şarl Mişelin birgə mətbuat konfransı olub.

Ilham Əliyev

İlham Əliyev: Avropa İttifaqına üzv ölkələrin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir

Prezident Əliyev bildirib ki, Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır.

“Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən ilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.”

İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq.
İlham Əliyev, Azərbaycan prezidenti

Əliyev enerji təhlükəsizliyindən danışarkən deyib ki, Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib.

“Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.”

Prezident postmünaqişə dövründən danışarkən deyib ki, İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var.

“İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.”

Şarl Mişel

Şarl Mişel: Azərbaycanla tərəfdaşlığa strateji xarakter vermək istəyirik

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirirb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirlər.

“Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum. Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır.”

Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil.
Şarl Mişel, Avopa İttifaqı Şurasının prezidenti

Onun sözlərinə görə, müzakirə olunan ikinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır.

“Tərəfdaşlarla dialoq Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir.”

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan və Ermənistanla bağlı vəziyyətin də müzakirə edildiyini bildirib.

“Bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq.”

Onun dediyinə görə, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır.

“Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir,” o qeyd edib.

Natiq Cəfərli

Natiq Cəfərli: Avropa İttifaqı ilə detallı müqavilə bu il ərzində imzalanmalıdır

REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, Avropa Birliyi 2 iyul 2021-ci ildə “Şərq ölkələri tərəfdaşlıq proqramı” çərçivəsində 6 ölkəyə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistana yaxın 5 ildə 17 milyard avro vəsait ayrılması ilə bağlı qərar qəbul edib.

AB deyir ki, Azərbaycan ÜTT-yə üzv olsun, bazarını xarici kapitala açsın, şəffaflığı artırsın, vergi və gömrük siyasətini beynəlxal təcrübəyə uyğunlaşdırsın, hava məkanını sərnişin daşıyan şirkətlərə açsın – Azərbaycan hökuməti iməsələləri həll etmək, ölkədə rəqabətli, şəffaf iqtisadi sistem qurmağı gecikdirir.
Natiq Cəfərli, REAL Partiyasının İdarə Heyətinin üzvü

“Cənubi Qafqaz ölkələri arasında yaxın 5 ildə ən çox dəstək alacaq ölkə Gürcüstandır – 3,9 milyard avro müxtəlif proqramlar çərçivəsində qrant və yatırımlar ala biləcək. Ermənistana isə yaxın 5 ildə əvvəl 1,6 milyard avro, son qərarlarla isə 2,6 milyard avro dəstək olacaq. Azərbaycana isə yaxın 5 ildə 140 milyon avro vəsait ayrılacaq. İlk baxışda ayrıseçkilik kimi görünür, ikili standartlara bənzəyir, amma məsələ fərqlidir: Gürcüstan artıq bir neçə ildir ki, AB ilə üst səviyyəli əməkdaşlıq sənədini imzalayıb, məhz bu imza Gürcüstana daha çox yardım ayrılmasına əsas yaradır. Ermənistan 27 fevral 2017-ci ildə daha aşağı səviyyəli, amma yenə də AB ilə ortaq sənəd imzaladı. Azərbaycan isə sənədi imzalamaq istəmir, sənədin razılaşdırılmasını uzadır, halbuki, 90%-dən çox məsələlər artıq razılaşdırılıb. Sual doğuran məsələlər isə ancaq ticarət və iqtisadi məsələlərdir: AB deyir ki, Azərbaycan ÜTT-yə üzv olsun (Ümumdünya Ticarət Təşkilatına), bazarını xarici kapitala və biznesə açsın, şəffaflığı artırsın, vergi və gömrük siyasətini beynəlxalq təcrübəyə uyğunlaşdırsın, hava məkanını sərnişin daşıyan şirkətlərə açsın – Azərbaycan hökuməti isə bu məsələləri həll etmək, ölkədə rəqabətli, şəffaf iqtisadi sistem qurmağı gecikdirir.”

Cəfərli həmçinin deyib ki, Azərbaycanın AB ilə ticarət dövriyyəsi, iqtisadi əlaqələri, AB-nin ölkəyə yatırımları digər iki Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsi və yatırımlarından dəfələrlə çoxdur.

“Məsələn, 2020-ci ildə Azərbaycanla AB-nin ticarət dövriyyəsi 9 milyard 340 milyon dollar olub, AB ilə münasibətləri tənzimləyən yeni, daha detallı müqavilə mütləq bu il ərzində imzalanmalıdır. Yeni müqavilədən sonra AB ilə vizasız gediş-gəlişdən tutun da ticarət əlaqələrinə, yatırımlara qədər yeni fürsətlər açılacaq. Ona gərə də bəzən problemləri primitiv tezislərlə ifadə etməkdənsə, məsələlərin kökünə enmək daha doğrudur,” o belə düşünür.

Rövşən Ağayev

Rövşən Ağayev: Azad media, vətəndaş cəmiyyəti, alternativ siyasi qüvvələr nə qədər çox əzildisə avtoritar idarəçiliklə daha sıx birləşdilər

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, Azərbaycanın müstəqil olduğu 30 ildə ölkədə insan azadlığı da, demokratik dəyərlər də, avrointeqrasiya da inanılmaz dərəcədə gözdən düşüb.

Ən böyük səbəb məhz həmin Avropanın Azərbaycanda demokratiya uğrunda hər cür mücadiləyə hazır insanları ağır represssiya maşının qarşısında müdafiəsiz buraxması oldu. Hər saxta seçkidən sonra "demokratiya yolunda irəliyə bir addım" deyib seçki institutunun tamamilə sıradan çıxmasına seyrçi qaldılar.
Rövşən Ağayev, ekspert

“Ən böyük səbəb məhz həmin Avropanın Azərbaycanda demokratiya uğrunda hər cür mücadiləyə hazır insanları ağır represssiya maşının qarşısında müdafiəsiz buraxması oldu. Hər saxta seçkidən sonra "demokratiya yolunda irəliyə bir addım" deyib seçki institutunun tamamilə sıradan çıxmasına seyrçi qaldılar. Azad media, vətəndaş cəmiyyəti, alternativ siyasi qüvvələr nə qədər çox əzildisə, avtoritar idarəçiliklə onlar daha sıx birləşdilər. Onları demokratik dəyərlər uğrunda mübarizə aparanlara qarşı etdiklərinin bir adı vardı: yanan binada sizi ən yaxınlarınız yana-yana qoyub qaçdılar, hətta yanğınsöndürən maşınlar belə çağırmadılar. 90-ların başında avrointeqasiya tərəfdarı olan böyük çoxluq əridi, onun yerinə isə Rusiyaya, İrana, hətta Ərəbistan yarımadasına inteqrasiyanı daha önəmli sayan yeni bir toplum yetişdi. Siyasi məhbus kimi həbsdə, ya da məhbəsdə aldığı zərbələrdən bayırda ölmüş, məşəqqətli həyata dözməyərək demokratiya mücadiləsindən bezərək ürəyi partlamış, Tofiq Qasımov kimi ömrünün ahıl çağlarını qürbətdə keçirərək həyatını itirmiş, mübarizədən yorularaq öz pozitiv enerjisini ölkəsinin rifahına deyil, şəxsi məişət qayğılarına sərf etməyə məhkum buraxılmış minlərlə insanımız adından sizə bəlkə də bunu demək olar: əlvida Avropa, əlvida Mişel. Toplum bəlkə də Rusiyanın bir vilayətinin rəhbərinin Azərbaycana səfərini sizin səfərinizdən daha diqqətlə izləyir indi. Nə qədər qəribə olsa da, Rusiya indi bizdən çox arxayındır: Avrointeqrasiyadan imtina etmiş qonşu kimi. Halbuki 90-ların başında bizə vurduğu ağır zərbələr məhz demokratk dəyərlər uğrunda mübarizədə bölgənin ən fəal toplumu olduğumuz üçün idi,” o Facebook səhifəsində yazıb.

Azərbaycan və Avropa Ittifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixi

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edilib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq, hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.