Azərbaycanın ABŞ-dakı səfirliyi azərbaycanlılara ehtiyatlı olmağı tövsiyə edir

Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciətində "erməni radikalların" mümkün zorakılıqlarına qarşı "ehtiyatlı və tədbirli" olmağa, "təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına" müraciət etməyi tövsiyə edib.

Səfirliyin son bəyanatı iyulun 21-də ABŞ-ın Los Anceles şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında erməni və azərbaycanlı diaspora nümayəndələri arasında baş vermiş qarşıdurmadan sonraya təsadüf edir. Yerli media insident nəticəsində bir polis zabitinin və azərbaycanlı diaspora üzvlərinin xəsarət aldığını xəbər vermişdi.

Azərbaycan səfirliyi bildirib ki, iyulun 21-də Los Ancelesdə zorakılığa məruz qalan azərbaycanlıların tibbi xərcləri və hüquqi yardım məsələləri Azərbaycan dövləti tərəfindən ödəniləcək.

Ermənistan Los Ancelesdəki Baş Konsulluğu baş vermiş insidenti "azərbaycanlıların törətdikləri təxribat" kimi təsvir edərək onu pisləyib.

"Hadisələrin gedişatını nəzərə alsaq, aydındır ki, erməni icmasının dinc etirazına maneəçilik törətmək öncədən planlaşdırılıb," erməni rəsmilər bildirib.

Baş Konsulluq Los Ancelesdə dinc etirazçılara qarşı baş vermiş zorakılıqları "qəbuledilməz" hesab etdiyini bildirib.

Rəsmi Bakı etiraz aksiyasının “radikal erməni daşnakları” tərəfindən təşkil olunduğunu və azərbaycanlı nümayişçilərə qarşı “zorakılıq və aqressiya” nümayiş etdirildiyini bildirərək, ABŞ-ın Azərbaycandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşmalar baş verib, hər iki tərəfdə itkilər olub.

ATƏT-in Minsk Qrupu, ABŞ, Avropa İttifaqı və BMT Baş Katibi tərəfləri atəşkəsi pozmamağa və danışıqlar masasına qayıtmağa çağırıb.

Hazırda təmas xəttində vəziyyətin sabit olduğu bildirilir.