Azərbaycanlı mühacirlər Giessener Allgemeine Zeitung və Gießener Anzeiger nəşrlərinin ofisləri qarşısında aksiya keçirib

Azərbaycanlı mühacirlər Giessener Allgemeine Zeitung və Gießener Anzeiger nəşrlərinin ofisləri qarşısında aksiya keçirib

Azərbaycanlı siyasi mühacirlərin "Demokrarik Azərbaycanı seç" (DAS) təşkilatının fəalları sentyabrın 13-də Almaniyanın Gissen şəhərində iki media orqanının - Giessener Allgemeine Zeitung və Gießener Anzeiger-in binası qarşısında Azərbaycanda siyasi məhbusları dəstəkləyən aksiya keçirib.

Bu barədə aksiyanın təşkilatçılarından Lamiyə Əhmədova məlumat verib.

Aksiyada çıxış edənlər Azərbaycanda vətəndaşların siyasi motivlərlə həbs edilməsini pisləyib və Almaniya KİV-ni buna laqeyd qalmamağa, Avropanın diqqətini bu ölkə ictimaiyyətinin probleminə yönəltməyə çağırıb.

Qeyd olunub ki, siyasi məhbusların sayına görə (119 nəfər) Azərbaycan dünyada liderlərdən biridir.

Bundan əlavə, Azərbaycan Dünya Media Azadlığı İndeksində 180 ölkə arasında 166-cı yeri tutur. Transparency təşkilatının Korrupsiya Qavrama İndeksinə görə isə Azərbaycan yenə 180 ölkə arasında 152-ci yerdədir.

DAS "Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək" kampaniyasına başlayıb. Kampaniya çərçivəsində Almaniyanın müxtəlif şəhərlərində aksiyalar keçiriləcək. Məqsəd KİV-in diqqətini Azərbaycanda insan hüquqlarının, o cümlədən həbsdə olan jurnalistlərin hüquqlarının pozulmasına yönəltməkdir.

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı 2018-ci il iyunun 3-də Almaniyada olan mühacir azərbaycanlılar tərəfindən yaradılıb.

Təşkilat üzvləri Azərbaycanda demokratik ictimaiyyəti dəstəkləmək, o cümlədən siyasi məhbuslara azaadlıq, mətbuat, toplaşmaq azadlığının təmin edilməsi şüarları ilə Almaniyanın müxtəlif şəhərlərində aksiyalar təşkil edib.