Bu gün, martın 4-də azərbaycanlı siyasi mühacir Fuad Əkbərov Belçika Sərhəd Xidməti tərəfindən saxlanılıb. Onun saxlanılmasına səbəb kimi Azərbaycan hüquq mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışda olması göstərilib.
Bu barədə Niderlandda siyasi mühacirətdə olan jurnalist Fikrət Hüseynli Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, artıq Belçika Sərhədi Xidməti Əkbərovu bu ölkənin polisinə təhvil verib.
“Hazırda Belçika polisi Fuad Əkbərovun siyasi mühacir olub-olmaması ilə bağlı Almaniya polisinə sorğu göndərib. Almaniya polisinin cavabından asılı olaraq Fuad Əkbərovun sərbəst buraxlılması və ya işin məhkəməyə göndərilib-göndərilməməsi bəlli olacaq,” o qeyd edib.
Fuad Əkbərov Azərbaycanda siyasi fəal kimi tanınmayıb. İlkin məlumatlara görə, Əkbərov iki il əvvəl ölkəni tərk edib və Almaniyada siyasi sığınacaq statusu alıb. O alman və ingilis dillərini bilir.
Avropada mühacirətdə olan azərbaycanlıların təsis etdiyi “Azərbaycan Naminə Demokratiya” (AND) Təşkilatı Fuad Əkbərovun saxlanılması ilə bağlı bəyanatla çıxış edib. Sənəddə Əkbərovun Azərbaycan hökumətə tərəfindən axtarışa verilməsinin AND təşkilatının fəalı ollması ilə bağlı olduğu iddia edilir.
“Almaniyada yaşayn siyasi mühacir, AND İdarə Heyətinin üzvü Fuad Əkbərov Azərbaycan hökumətinin uydurma ittihamı üzrə verilən sorğu əsasında Belçikada İnterpol tərəfindən saxlanılıb. Təkrarən vurğulayırıq ki, Fuad bəyə qarşı irəli sürülən ittihamlar tamamilə saxtadır və siyasi motivlərlə bağlıdır. O, Almaniyada siyasi mühacir statusu ilə oturum haqqı tanınan Azərbaycan vətəndaşıdır və onun Azərbaycana verilməsi, əlbəttə, mümkünsüzdür. Eyni zamanda, AND da gərəkən bütün işləri görür ki, bu cəhdin qarşısı alınsın. Bu müraciət həm Belçika Daxili İşlər Nazirliyinə, həm İnterpola, həm də məlumat üçün ictimaiyyətə ünvanlanır,” AND İdarə Heyətinin martın 4-də yaydığı bəynatda deyilir.
Rəsmi Bakı Fuad Əkbərovun saxlanılması və ya ona qarşı ittiham irəlii sürülüb-sürülməməsi barədə hələ məlumat yaymayıb.