Azərbaycanlı ictimai fəal Türkiyədən deportasiya olunduğunu bildirir

Azərbaycanlı ictimai fəal Qiyas İbrahimov Türkiyədə 1 illik yaşamaq icazəsii aldığı halda 5 aydan sonra aprelin 21-də ölkəyə buraxılmadığını bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi barəsində ömürlük deportasiya qərarı çıxarıldığını bildirib.

Fəal bu gün, aprelin 22-də məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyinə müraciət edib, lakin deportasiyanın səbəbini öyrənə bilməyib.

"Səfirlikdə mənə bildirdilər ki, adımın və soyadımın qarşısında "G" hərfindən ibarət kod yazılıb. Bu kodun nə anlama gəldiyini bilmədiklərini dedilər," o qeyd edib.

Türkiyə Səfirliyi İbrahimova Türkiyənin Miqrasiya İdarəsinə müraciət etməyi məsləhət görüb.

"Türkiyədə vəkil tutacam, məsələ ilə o məşğul olacaq. Azərbaycan Xarici İşlər Nazirliyinə də zəng vurmuşam. Oradan mənə ərizə ilə müraciət etmək lazım olduğunu dedilər. Bundan sonra onlar da məsələ ilə bağlı Türkiyəyə sorğu göndərəcək."

Qiyas İbrahimov bildirib ki, o, Azərbaycanda hələ də Avropa Məhkəməsinin qərarına görə təyin olunmuş kompensasiyanı ala bilmir.

"Bizdə olan məlumata görə, Azərbaycan höküməti Avropa Şurasının Nazirlər Komitəsinə məktub göndərib ki, mənə kompensasiya ödənilib. Avropa Şurasından isə bizə kompensasiya ödənilib-ödənilmədiyi barədə sorğu gəlib. Bank hesabımı yoxlayandan sonra məlum oldu ki, köçürmə edilməyib. Heç Prezident Administrasiyasından Maliyyə Nazirliyinə köçürmə ilə bağlı ödəmə tapşırığı belə göndərilməyib. Məsələ ilə bağlı yenidən Avropa Şurasına məlumat verdim," o qeyd edib.

İctimai fəallar Qiyas İbrahimov Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da Azərbaycanda həbs edilib. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamı ilə hər iki fəalı 10 il azadlıqdan məhrum edib.

Bu zaman fəallar narkotik ittihamını qəbul etməyib. İctimai fəallar məhkəmədə bildirib ki, keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" sözləri yazdıqlarına görə həbs ediliblər.

Onların hər ikisi 2019-cu il martın 16-da prezident İlham Əliyev tərəfindən əfv olunub.

Hüquq müdafiəçiləri hər iki şəxsi siyasi məhbus kimi tanıyıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir.

2020-ci ilin fevralın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Bayram Məmmədov və Qiyas İbrahimovun şikayəti ilə bağlı qərarını elan edib. Qərara görə, Azərbaycan hökuməti Qiyas İbrahimova 30 min avro ödəməlidir.