Azərbaycanlı-amerikalılar İllinoysda öz mədəniyyətlərini tanıdır [Video]

Your browser doesn’t support HTML5

İllinoys ştatının Skoki şəhərində 100-dən çox mədəniyyətə mənsub insanlar yaşayır. Onlar arasında sözsüz ki, azərbaycanlılar da yer alır. Bu, çoxmədəniyyətli şəhərdə təxminən son 30 ildir hər il Mədəniyyət Festivalı keçirilir. İllinoys ştatında yaşayan azərbaycanlılar da Skoki festivalının fəal iştirakçılarındandır. İcma üzvü Aydın Hüseynovun sözlərinə görə, onlar artıq 5 ildir festivalda Azərbaycanı təmsil edir.

Skoki Mədəniyyət Festivalı

Festival iştirakçıları təşkilatçıların onlar üçün ayrılmış kioskda sərgilədikləri Azərbaycan mədəniyyətinə aid artefaktlarla tanış olub. İcma üzvləri isə iştirakçıları azərbaycan musiqisi ilə tanış edib, özləri isə həmin mahnıların sədaları altında rəqs edib, əyləncəli anlar yaşayıblar.

Artıq 28-ci ildir həyata keçirilən bu layihənin məqsədi Skokinin fərqli etnik, mədəni və dini mənsubiyyətlərdən olan sakinlərini bir araya gətirməkdir.

Skoki Mədəniyyət Festivalı

Festivalda Azərbaycanla yanaşı 30-dan çox başqa ölkə təmsil olunub. Bunlar arasında Birləşmiş Ştatlar özü, Litva, Özbəyistan, Türkiyə və Bolqarıstan kimi ölkələr olub.

Festival iştirakçılarının bu ölkələrin mətbəxlərinə aid yeməklərdən dadmaq imkanı olub.

Skoki Mədəniyyət Festivalı - Ramiz Quliyev

Bu il festivalda həmçinin Beynəlxalq İnsan Haqları Bəyannaməsinin 70-ci ildönümü qeyd edilib. Səhnəyə müxtəlif ölkələrin bayraqları ilə çıxan təmsilcilər qonaqları öz dillərində salamlayandan sonra, bəyannamənin maddələrini oxuyublar.

Festival iştirakçıları daha sonra Azərbaycan milli rəqsini izləməyə dəvət olunub. Sonda isə Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünü qeyd etmək məqsədilə Çikaqoda səfərdə olan tanınmış tarzən Ramiz Quliyev öz gözəl ifası ilə amerikalılarla yanaşı vətəndan uzaqda yaşayan azərbaycanlıların ruhunu oxşayıb.