Azərbaycanda “Vaxzevria” vaksinindən istifadə ediləcək və Rusiyadan “Sputnik-V” vaksinləri gətiriləcək

Vaksin

Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı yaşda olan şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər.

“Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

“COVAX” platforması çərçivəsində ölkəyə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

Bununla yanaşı, mayın 2-də Azərbaycana Rusiya istehsalı olan "Sputnik-V" vaksinləri də gətiriləcək.

Belə ki, bu il martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.