Azərbaycanda son sutkada koronavirusdan 29 nəfər vəfat edib

Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 261 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib, aktiv xəstə sayı 20021 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 885, ötən müddət ərzində isə ümumilikdə 2 873 658 test aparılıb.

Son həftələr ölkədə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Belə ki, son sutkada yoluxanların sayı 91 nəfər artıb. Martın 30-da COVİD-19-a yoluxanların sayı 2146 nəfər olub.

Müşahidəçilər yoluxma hallarının davam etdiyi halda xüsusi karantin rejiminin sərtləşdiriləcəyini istisna etmir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Hazırkı dövrədək koronavirus infeksiyasına qarşı 547 541 insan peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azərbaycana indiyədək 1,5 milyona yaxın doza “Coronavac" vaksini gətirilib.

Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov bu gün deyib ki, aprelin 5-də ilkin mərhələdə Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza vaksin də Azərbaycana göndəriləcək. Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq.

“Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq,” Qasımov qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.