Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı azalır

Azərbaycanda son gündə koronavirus (COVID-19) infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4429 nəfər vəfat edib, aktiv xəstə sayı 27904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, ötən müddət ərzində isə ümumilikdə 3 206 917 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 295, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 197 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.