Azərbaycanda koronavirus infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb

Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, ötən müddət ərzində isə ümumilikdə 2 690 711 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.