Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahının yanvarın 19-na olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
"İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib, aktiv xəstə sayı 7 944 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, ötən müddət ərzində isə ümumilikdə 2 328 507 test aparılıb
Xatırlatma
Yanvarın 18-dən başlayaraq ölkədə Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. İlk olaraq hökumətin səhiyyə rəhbərlərinə vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatacaq.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
2020-ci il dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirib. Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.
Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan yanvarın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılıb. Nazirlər Kabinetinin qərarına əsasən yanvarın 18-dən etibarən “SMS” ilə icazə ləğv edilib. Yanvarın 25-dən iri ticarət və iaşə obyektləri istisna olmaqla ticarət və xidmət sahələri açılacaq, şəhərlərarası və rayonlararası hərəkət bərpa ediləcək.
Fevralın 1-dən isə ictimai iaşə obyektlərində müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.