Azərbaycanda son sutkada 220 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib, aktiv xəstə sayı 2 281 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, ötən müddət ərzində isə ümumilikdə 2 571 016 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən başlayaraq vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doza vaksin gətirilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.