Azərbaycanda son sutkada 1891 nəfər COVID-19-dan sağalıb, 334 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 220599 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 196734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21104 nəfərdir.

Ölkədə son sutka ərzində 3768, hazırkı dövrədək isə 2214194 test aparılıb.

Türkiyə və Azərbaycan vətəndaşları eyni zamanda koronavirusa qarşı peyvənd olunacaq

Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, “Azərbaycanda vaksinasiyanın gələn il yanvarın əvvəlindən etibarən başlanması gözlənilir.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar.

“Azərbaycanda peyvənd pulsuz vurulacaq,” Bayramlı qeyd edib.

Çin istehsalı olan “Sinovac” peyvəndinin dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacağı gözlənilir.

Azərbaycanda COVID-19

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.