Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlu son üç ildə Azərbaycanda rus dilində təhsil alan şagirdlərin sayının 50 faiz artdığını bildirir. İbadoğlu rəqəmlərə istinad edərək bu qənaətə gəlib. Rəsmi statistika olmasa da, müşahidəçilərin fikrincə, ölkədə rus dilində təhsil alanların əksəriyyəti azərbaycanlılardır.
Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Vurğun Əyyub və təhsil məsələləri üzrə ekspert Etibar Əliyev Amerikanın Səsinə müsahibələrində təhsil rus dilində olan məktəblərə meylin artmasının səbəblərindən danışır. Bir müddət öncə rusdilli təhsillə bağlı məsələyə keçmiş təhsil naziri Firudin Cəlilov da münasibət bildirib.
Təhsil Nazirliyindən məlumat almaq çətinliyi
İlk öncə qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyində məlumata əl çatımlılıq deyəsən çox çətin məsələdir. Nazirliyin saytında axtarış sistemində təhsil rus dilində olan məktəblər sorğusuna cavab tapmaq olmur.
Nazirliyin rəsmi saytında mətbuata cavabdeh şəxslərin telefon nömrələri əks olunmayıb.
Your browser doesn’t support HTML5
"Qaynar xətt" xidmətinin əməkdaşı mətbuat xidmətinin rəhbərinin telefonunun onlarda olmadığını bildirdi, sualımıza cavab verəcək Sadiq adlı şəxsin telefonunu verdi. Xidmətin əməkdaşı Sadiq adlı şəxsin soyadını demədi və bunun daxili qaydalara zidd olduğunu bildirdi. Sadiq adlı şəxsin telefonu sistemdə problem olduğuna görə cavab vermədi. İkinci dəfə "Qaynar xətt" xidmətinə zəng etdikdə mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun daxili telefon nömrəsini almaq mümkün oldu. O telefona isə cavab verən olmadı. Bu audioyazıları təqdim edirik.
Qubad İbadoğlu: Son üç ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb
Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 4,5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır.
İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, 16 məktəbdə dərslər yalnız rus dilində keçirilir.
“Müqayisə üçün qeyd edim ki, son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb.
Müqayisə üçün qeyd edim ki, son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb.Qubad İbadoğlu, iqtisad elmləri doktoru
Belə ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınıb. Onlardan 9 faizi və ya 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda ibtidai məktəblərin rus bölməsinin 1-ci sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir.
2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,1 faiz təşkil edir. Bu il ərzində ümumi təhsilə 1 milyard 289 milyon 100 min manat xərclənəcək.
Bu məlumatlardan belə qənaətə gəlmək olar ki, rus bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərdə payı 7,5 faiz təşkil edir. Bu isə o deməkdir ki, ümumi təhsilə ayrılan 1 milyard 289 milyon 100 min manatlıq büdcə vəsaitinin 7,5 faizi və ya 96,7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir,” o qeyd edib.
O hesab edir ki, müstəqil ölkənin başqa bir dövlətin dilinin inkişafı üçün cari ilin büdcəsindən 100 milyon manata qədər vəsait ayırması hər bir şəxsi narahat etməlidir.
“Burda millətçilik və ya anti-rus elementləri axtarmağa dəymir. Mən Azərbaycanda rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Sadəcə bunun üçün dövlət büdcəsindən vəsait ayrılmasını yanlış hesab edir və növbəti ilin büdcəsində bunun nəzərə alınmasını təklif edirəm. Çünki, təhlillər göstərir ki, bu məqsədlə xərclənən büdcə vəsaitlərinin həcmi sürətlə artır. Heç şübhəsiz ki, növbəti il üçün bu məqsədlə büdcədən ən azı 100 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulur.”
Onun fikrincə, ümumi dövlət məktəblərində tətbiq olunan 1-ci sinifdən birinci, 5-ci sinifdən ikinci xarici dil öyrədilməsi davam etdirilməlidir.
“Bu zaman rus dili də seçimlərdən biri ola bilər. Eyni zamanda tədrisi rus və digər dillərdə olan özəl məktəblərin də fəaliyyətinə şərait yaradılmalıdır. Hazırda Bakı şəhərində tədrisi ingilis, türk dilində olan çoxlu özəl məktəblər fəaliyyət göstərir. Belə olan halda tədrisi rus dilində aparan özəl məktəblər niyə olmasın?” Qubad İbadoğlu sual edir.
Hazırda Azərbaycanda təhsil ingilis didlində olan bir neçə özəl məktəb fəaliyyət göstərir. Müşahidəçilərin dediyinə görə, təhsil ingilis və digər dillərdə olan özəl məktəblərdə təhsil haqqı çox baha olduğundan orta gəlirli ailələrin təhsil haqqını ödəməyə vəsaiti azlıq edir. Bununla yanaşı, ölkədə təhsil rus dilində olan özəl məktəb yoxdur.
Rus dilli məktəblər və rus icması
Prezident İlham Əliyev 2018-ci il noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibəsində bildirib ki, Azərbaycanda rus icmasının 120 min nəfərdən çox üzvü var. Onlar dövlətin layiqli vətəndaşları, Azərbaycanın vətənpərvərləri, eyni zamanda, öz dilinə, mədəniyyətinə, ənənələrinə bağlı olan insanlardır.
“Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır. Bizdə tədris rus dilində olan 300-dən çox məktəb var. Bütün dövlət ali məktəblərində rus dilində təhsil almaq üçün bölmələr var. Moskva Dövlət Universitetinin filialı, Slavyan Universiteti yaradılıb. Hesab edirəm ki, bu müsbət təcrübə dili hücum hədəfi seçən ölkələr üçün faydalı ola bilər,” o qeyd edib.
Keçmiş təhsil naziri: Uşaqları başqa dilli məktəblərdə oxutmaq, onları milli kökdən ayırmaq deməkdir
Keçmiş təhsil nazir Firudin Cəlilov Azərbaycanda tədris rus dilində olan məktəblərin sayının digər dillərdə olan məktəblərdən daha çox olmasının səbəbləri ilə bağlı sualın cavabında deyib ki, rusdilli məktəblərdə dərsliklər pedoqoji baxımdan yüksək yazılıb, təlim və tərbiyə yüksəkdir.
Doğrudur rus, ingilis və digər dilləri öyrənmək lazımdır. Uşaqlarımızı başqa dilli məktəblərdə oxutmaq, artıq onları milli kökdən ayırmaq deməkdir.Firudin Cəlilov, keçmiş təhsil naziri
“Valideynlər rus məktəblərində tədrisin yüksək olduğunu gördüyündən uşaqlarını həmin məktəblərə qoymağa üstünlük verir. Amma buna qəti imkan vermək olmaz. Doğrudur rus, ingilis və digər dilləri öyrənmək lazımdır. Uşaqlarımızı başqa dilli məktəblərdə oxutmaq, artıq onları milli kökdən ayırmaq deməkdir”, Cəlilov qeyd edib.
Vurğun Əyyub: Burada rusa meylli şəxslərin apardığı təbliğatın da müəyyən rolu var
Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Vurğun Əyyub Amerikanın Səsinə bildirib ki, təhsil rus dilində olan məktəblərə marağın artmasının səbəblərini öyrənmək üçün sosial araşdırmaya ehtiyac var.
Your browser doesn’t support HTML5
“Müşahidələrə əsasən demək olar ki, rus dilinə meyl bir dəb xarakteri daşıyır. Rusdilli məktəblərin şəraitinin yüksək olması barədə əvvəldən mövcud olan düşüncə də rol oynayır. Burada rusa meylli şəxslərin apardığı təbliğatın da müəyyən rolu var. Amma hesab edirəm ki, hazırda Azərbaycan və Rus dilində olan məktəblər arasında elə də fərq yoxdur,” o qeyd edib.
“Müşahidələrə əsasən demək olar ki, rus dilinə meyl bir dəb xarakteri daşıyır.Vurğun Əyyub, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
O, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan dilli məktəblərə meylin çoxalması ilə indiki dövrdə Rus dilli məktəblərə meylin artması arasında paralel apararkən deyib ki, indi hakimiyyətdə olanların rus dilinə göstərdiyi isti münasibət təbii ki, insanlara da təsir etməkdədir.
“Ölkədəki iqtisadi durumun çətinliyi adamlarda belə bir fikir aşılayır ki, rusdilli məktəbləri qurtarsalar gələcəkdə Rusiyada iş yerləri taparlar və bu ölkədə özlərinə karyera qurmaq imkanı daha yüksəkdir,” o qeyd edib.
Etibar Əliyev: Sovet dövrünün nostalgiyası da qalıb
Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev hesab edir ki, rus dilində təhsil alan şagirdlərin sayı artmayıb.
Your browser doesn’t support HTML5
“O rəqəm sabit qalır. Ümumi şagird kontingentinin 15 faizini rus bölməsində təhsil alan şagirdlər təşkil edir. Bu rəqəm uzun illərdir ki, sabit qalır,” ekspert qeyd edib.
Bununla yanaşı o, rus bölməsinə meylin artmasının bir neçə səbəbini deyib.
İbtidai siniflərdə rus bölməsində oxuyanlar, yuxarı pillədə Azərbaycan bölməsinə qayıdır. Çünki kimya, bilogiya, fizika, riyaziyyat və digər sahələr üzrə müəllimlər çatışmır.Etibar Əliyev, təhsil məsələləri üzrə ekspert
“Birincisi bu dəbə düşüb. Başqa tərəfdən rus bölməsində təhsilin keyfiyyəti o qədər də yüksək deyil, ola da bilməz. Xüsusilə ibtidai təhsildən sonrakı pillədə çox ciddi müəllim çatışmazlığı var. İbtidai siniflərdə rus bölməsində oxuyanlar, yuxarı pillədə Azərbaycan bölməsinə qayıdır. Çünki kimya, bilogiya, fizika, riyaziyyat və digər sahələr üzrə müəllimlər çatışmır. Burada bir faktor odur ki, bəzi adamlar düşünür ki, Rus dilində ədəbiyyat bolluğu var. Rus bölməsində dərs deyən müəllimlər daha tələbkardır. Daha az repetitorlara üz tuturlar. Bir də Sovet dövürünün nostalgiyası da qalıb.”
Ekspert hesab edir ki, əksinə son dövrlər Azərbaycanda təhsil ingilis dilində olan məktəblərə meyl artmaqdadır.
“Dövlət məktəblərində rus dilli bölmələrin sayı çoxluq təşkil etsə də, ingilis dilli bölmələrin sayı çox azdır. Bundan istifadə edən özəl təhsil rəhbərləri ingilis dilli məktəblərin sayını genişləndirir. Hətta elə özəl tədris ingilis dilində olan məktəblər var kı illik təhsil haqqı 10 min manatdan çoxdur. Dövlət məktəblərində isə rus dilli siniflərə üz tutanlar digər dillərə nisbətən çoxdur. Konkret olaraq dövlət məktəblərində ingilis dilli siniflər yoxdur,” ekspert qeyd edib.