Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ramazan bayramı

Bu gün, mayın 13-də Azərbaycanda Ramazan ayının başa çatması münasibəti ilə bayram qeyd olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 13-ü və 14-ü bayram günləridir, ölkədə iş günü deyil.

Bu gün bayram münasibətilə ölkənin məscidlərində bayram namazları qılınacaq. Amma,COVID-19 pandemiyası ilə əlqədar məscidlərdə kütləvi namaz qılınması mərasimləri olmayacaq.

Azərbaycan prezidenti İlham Əliyevin bayram təbrikində deyilir ki, Azərbaycan yüz illərdir ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır.

“Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir,” tərbikdə qeyd edilir.

Xatırladaq ki, bu il Ramazan ayı aprelin 14-dən başlayıb.