Azərbaycanda minimum əmək haqqı və aylıq maaşlar artırılıb, ekspert rəyi

pul

Azərbaycan prezidenti 2022-ci il yanvarın 1-dən ölkədə minimum əmək haqqının 300 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Bundan öncə minimum əmək haqqı 250 manat idi.

Azərbaycan prezidenti həmçinin 2022-ci il yanvarın 1-dən müəllimlərin, elm mərkəzlərinin, bir sıra dövlət komissiyalarının aylıq əmək haqqının 20 faizdən 40 faizədək artırılması barədə də sərəncamlar imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ümumilikdə minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əmək haqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.

Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.

“Son üç ildə minimum aylıq əmək haqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb,” nazirlik bildirir.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, minimum əmək haqqının artırılması və təqaüdlərin artım tempinin yüksəldilməsi bazarda infilyasiya tempinin artmasına səbəb olacaq.

“Maaşların və təqaüdlərin artımı bazarda məhsulların bolluğu mühiti ilə müşayiət olunmursa infilyasiyanı sürətləndirən amilə çevrilir. Çünki dövriyəyə pul bazası daxil olur. İndi də təəssüf ki, buna bənzər hadisələrin şahidi ola bilərik. Hətta maaş və təqaüdlərin artırılacağı xəbərinin özü belə artıq qiymət amilini artıran faktora çevrilib. Maaş və təqaüdlərin artımı bazarda bolluqla, rəqabətlə müşahidə olunmayacaqsa infilyasiyanı artıran səbəbə çevriləcək,” ekspert qeyd edib.

Rəsmi statistikaya görə, noyabrda aylıq inflyasiya 1.5%, 12 aylıq inflyasiya isə 11.1% təşkil edib. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6.2%, orta illik baza inflyasiya isə 3.9% təşkil edib.

Öz növbəsində Mərkəzi Bank bildirir ki, inflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.

“Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1.9% yüksəlib, illik ərzaq inflyasiyası 14.9% təşkil edir. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olub. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0.5%, son 1 ildə 7.1% yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4.8% olub.

Xidmətlər noyabrda 1.6%, son 1 ildə 9.1% bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5.4% təşkil edib. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir."

Mərkəzi Bank Dünya Bankının məlumatlarına istinadən billdirir ki, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir.

“İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21.4% yüksəlib. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olub. Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 29%-i inflyasiya tempinin daha da yüksələcəyi gözlənilir.

Yenilənmiş proqnozlara görə isə cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir.”

Mərkəzi Bank hesab edir ki, baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

Bununla yanaşı, müstəqil ekspertlər illik infilyasiyanın rəsmi statistikadan daha çox olduğunu bildirir.