Beynəlxalq qurumlar Azərbaycanda mina partlaması nəticəsində həlak olan jurnalistlər ilə bağlı bəyanatlar yaymaqda davam edir

Jurnalist Məhərrəm İbrahimovun məzarı başında

Iyunun 4-də Kəlbəcər rayonunda (Bakıdan 440 kilometr qərb) minaya düşərək həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovla bu gün, iyunun 5-də vida mərasimi keçirilib.

Bakının Rəsulzadə qəsəbəsində və Sumqayıtda jurnalistlərin evlərində keçirilən vida mərasimlərində yüzlərlə insan, o cümlədən hakimiyyət, ictimaiyyət nümayəndələri, jurnalistlər, adi vətəndaşlar iştirak edib.

Çoxları əllərində Azərbaycan bayraqları ilə gəliblər.

Çıxış edənlər minaların mülki insanlara qarşı yönəldilməsini pisləyib. Jurnalistlərin xatirələri yad edilib, jurnalistlərin həqiqətləri ictimai diqqətə çatdırmasının çətinliklərindən danışılıb. Bir sıra çıxışlarda beynəlxalq ictimaiyyətin diqqətinin minaları qadağan edən konvensiyaların hüquqi qüvvəsinin daha da genişləndirilməsinə cəlb edilməsi vacib sayılıb.

Azərbaycandakı çoxsaylı diplomatik missiyalar mina partlaması nəticəsində çoxsaylı insanların, o cümlədən jurnalistərin həlak olması ilə bağlı müharibə cinayətlərini pisləyən bəyanatlarla çıxış edib.

Bu gün beynəlxalq təşkilatlar da bəyanatlarla çıxış edib.

Ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) iki Azərbaycan jurnalistinin Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olmasını "lazımsız faciə" adlandırıb.

"Ermənistan hakimiyyəti mina xəritələrini mətbuat nümayəndələri ilə paylaşmalıdır ki, başqa jurnalistlər də münaqişənin qurbanı olmasın," Jurnalistləri Müdafiə Komitəsi Twitter-dəki mikrobloqunda yazıb.

"Biz bu bölgədəki bütün tərəfləri jurnalistlərin fəaliyyətlərini həyata keçirərkən təhlükəsizliklərini təmin etməyə çağırırq," Jurnalistləri Müdafiə Komitəsi qeyd edir.

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Teresa Ribeiro Kəlbəcər bölgəsindəki mina partlaması nəticəsində müxbir Məhərrəm İbrahimovun (Əlioğlu) və operator Sirac Abışovun ölümü ilə əlaqədar dərin narahatlıq və təəssüfünü ifadə edib. AzTV-nin rejissoru Emin Məmmədov da daxil olmaqla digər şəxslərin yaralandığı bildirilib.

"Məhərrəm İbrahimov və Sirac Abışovun faciəli ölümü dəhşətli bir xəbərdir və yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm" Ribeiro qeyd edib.

O, istintaqın jurnalistlərin ölümünə görə məsuliyyəti müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirib.