Azərbaycanda koronavirusdan 35 nəfər vəfat edib

Koronavirus

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2168 nəfər müalicə olunaraq sağalıb, 1676 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 311 min 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 276 min 934 nəfər müalicə olunaraq sağalıb, 4342 nəfər vəfat edib. Aktiv xəstə sayı 30189 nəfərdir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 412 min 481-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 934 min 906, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 477 min 575 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.