Azərbaycanda koronavirusdan 3 nəfər vəfat edib

Koronavirus

Martın 6-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 436, bu günə qədər isə ümumilikdə 2 645 206 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.