Azərbaycanda koronavirusdan 25 nəfər vəfat edib

Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2 036 yoluxma faktı qeydə alınıb, 1 045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 min 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 min 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 827 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 325 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 383 min 303, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 60 min 158, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 323 min 145 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.