Azərbaycanda sutkada koronavirus infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb

Koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 18 nəfər COVID-19-dan vəfat edib.

"İndiyədək ümumilikdə 77083 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 55755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20343 nəfərdir"deyə məlumatda deyilir.

Ölkədə son sutka ərzində 7137, hazırkı dövrədək isə 1523221 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Noyabrın 23-dək Bakıda, Sumqaytıda, Abşeron rayonu ərazisində və bir sıra digər yaşayış məntəqələrində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti bütövlükdə dayandırılıb.