Azərbaycanda indiyədək koronavirusdan 4009 nəfər vəfat edib

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2071 nəfər müalicə olunaraq sağalıb, 2293 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 291 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 255 min 833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. Aktiv xəstə sayı 32052 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 54 min 472 test aparılıb. Bugünkü test sayı isə 14086-dır.

Ölkədə yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı anadək vurulan vaksin dozalarının sayı 1 milyon 243 min 191-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 813 min 413, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 429 min 778 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.