Azərbaycanda iki mülki şəxs minaya düşərək həlak olub

Mina

Dekabrın 9-da Şuşa rayonu (Bakıdan 404 kilometr qərb) ərazisində 2 nəfər mülki şəxs minaya düşərək həlak olub.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatına görə, minaya düşən mülki şəxslər “Voltac” podratçı şirkətinin əməkdaşı Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı Vüsal Qəndiyevdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında isə deyilir ki, dekabrın 9-da Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olub.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatdan indiyədək minaya düşmələri nəticəsində Azərbaycanın 7 hərbi qulluqçusu, 29 mülki şəxsi həlak olub, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb, 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.