Azərbaycanda iki mülki şəxs minaya düşüb

Mina

Bu gün, iyulun 8-də Azərbaycanda Füzuli rayon (Bakıdan 233 kilometr cənub-qərb) sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 2020-ci il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 28 vətəndaşı (21 mülki şəxs, 7 hərbçi) həlak olub, 86 hərbi qulluqçu, 31 mülki şəxs yaralanıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.