Azərbaycanda hər bir insan fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olan ictimai yerlər və binalardan https://kekamaps.com/ saytı vasitəsi ilə dövlət qurumlarına şikayət edə bilər.
ABŞ-ın Azərbaycandakı Səfırliyi Facebook səhifəsində bildirir ki, FLEX proqramının məzunu Məhəmməd Kekalov və onun tərəfdaşı tərəfindən hazırlanan bu tətbiq fiziki məhdudiyyətli insanların cəmiyyət arasına çıxmaq və rahat hərəkət etmək imkanlarını artırmaq üçün nəzərdə tutulub.
“Təəssüf ki, Azərbaycanda bir çox binalar fiziki məhdudiyyətli şəxslərin ehtiyaclarını qarşılayacaq şəkildə təmin olunmayıb. KekaMaps sizləri bu istiqamətdə töhfə verməyə çağırır. Hər biriniz tətbiqə daxil olmaqla, xəritədə bu cür məkanları işarələyərək müsbət dəyişikliyə töhfə vermiş olacaqsınız,” səfirliyin məlumatında qeyd edilir.
Səfirliyin yaydığı videoda əlilliyi olan insanın qarşılaşdırğı problemlərdən bəhs edilir.
“Azərbaycanda əlilliyi olan şəxslərin əsas problemlərindən biri də infrastruktur problemidir. Azərbaycanda ictimai nəqliyyatın, binaların, keçidlərin və yolların böyük əksəriyyəti əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun deyil.
Azərbaycanda yaşayan 630 min əlilliyi olan şəxs hər gün bu problemlərlə qarşılaşmağa məcbur olur. Bu problemi həll etmək üçün biz kekamaps.com layihəsinə start vermişik. Siz artıq bu sayta daxil olaraq müəyəssər olmayan binaları Bakı şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə şikayət edə bilərsiniz. Hər kəsi bu saytdan istifadə etməyə dəvət edirik,” videoda qeyd edilir.