Azərbaycanda dövlət trolları müxalif səsləri necə boğur?

“Mən özümü müdafiə etməliyəmmi, yoxsa bunlara fikir verməməliyəm?” - 20 ildən artıq post-Sovet məkanında texnologiyanın siyasətə təsirini araşdıran Vaşinqton Universiteti professoru Keyti Pirs Azərbaycandakı trolların fəaliyyəti haqqında Nyu York jurnalına müsahibəsində bildirir ki, trolların təhdid kampaniyasının hədəfinə çevrilən fəallar bu suala cavab tapmaqda çətinlik çəkirlər. Çünki, onların hədəfə alan adi trollar deyil, böyük resurslar hesabına fəaliyyət göstərən hökumət işçiləridir.

- Siz öz araşdırmanızda Azərbaycan hökumətinin propaqanda aparmaq üçün texnologiyanı yaxşı anlayan insanları cəlb etdiyi qeyd etmisiniz. Bunu izah edə bilərsinizmi?

- Bu insanların əlində olan alətlərdən biri iqtidar partiyasının gənclər qanadıdır. Həmin təşkilatlar siyasətə qoşulmaq istəyən gənclərin mobil olduğu yerlərdir. Onlar hökumətdə çalışmaq istəyir, çünki bu onların uğura ən yaxşı yoludur. Həmin insanlar yuxarıdakıları razı salmağa can atır və texnologiyalar haqqında çox məlumatlıdır.

- Onlar hansı növ məlumatlar paylaşır?

Trolların çox istifadə etdiyi şeylərdən biri, hər hansı bir şəxsin sosial media hesabı haqqında şikayət edərək, onun hesabının bağlanılmasına nail olmaqdır. Burada belə bir sual yaranır – Facebook kimə daha çox inanır?
Keyti Pirs

- Adətən, ilk baş verən hökumətlə əlaqəli mətbuatda müxalifləri hədəfə alan məqalələrin dərc edilməsi olur. Daha sonra isə trollar hədəf alınan müxaliflərə qarşı onlayn təhdid kampaniyasına start verir. Bu, fəallar haqqında şayiələrin yayılması, karikaturaların çəkilməsi, “mem”-lərin hazınması ola bilər. Ya da ki, sadəcə həmin insanlar haqqında pis fikirlər yazıla bilər. Təsəvvür edə bilərsiniz ki, hökumətin sizin haqqınızda “mem” hazırlaması necə xoşagəlməz haldır. Bu an siz bilmirsiniz nə edəsiniz - “Mən özümü müdafiə etməliyəmmi, yoxsa bunlara fikir verməməliyəm?” Öz təcrübəmə və digər insanlarla söhbətə əsaslanaraq deyə bilərəm ki, sosial media şirkətləri bu cür məsələlərdə kömək etmək gücündə deyillər. Məsələn, trolların çox istifadə etdiyi şeylərdən biri, hər hansı bir şəxsin sosial media hesabı haqqında şikayət edərək, onun hesabının bağlanılmasına nail olmaqdır. Burada belə bir sual yaranır – Facebook kimə daha çox inanır?

- Deməli, əgər siz bu cür hökumət kampaniyasının hədəfisinizsə, siz Facebook-a müraciət etməli olub-olmadığınızı bilmirsiniz. Bəs həmin insanlar sonda nə edirlər?

Azərbaycan və bir çox digər avtoritar rejimlərdə, hökumət sizi ailə vasitəsilə vurur.
Keyti Pirs

- Çox şey ailədən asılıdır. Azərbaycan və bir çox digər avtoritar rejimlərdə, hökumət sizi ailə vasitəsilə vurur. Əgər onlar müxalif fikirli insanlara atalarını və ya qardaşlarını işdən çıxaracaqlarını deyirlərlərsə, o zaman qərarlar məhz bu məsələ üzərində verilir. Ümumilikdə, müxalif fəaliyyətə qoşulan insanların adətən özündən asılı olan insanların sayı az olur. Ona görə də, onların itirəcəyi azdır. Əgər sən ailəni dolandırırsansa, o zaman çox güman ki, müxalifət fəaliyyətinə cəlb olunmayacaqsan.

- Mən bilmirəm bunun ölçülməsi mümkündürmü, amma bu təhdidin hansı hissəsi birbaşa hökumətlə bağlıdır? Hansı hissəsi isə sonradan qoşulan hökumətlə bağlı olmayan istifadəçilərdir?

- Bunu demək çətindir. Çünki adətən onlar bir-birinə çox yaxın olur. Bu bir bağlantıdır. Mümkündür ki, öz otaqlarında oturub, öz istəyilə digər insanı hədələyən gənclər var. Amma hətta həmin şəxs bunu özü seçirsə və heç kim ona bunu etməyi tapşırmayıbsa, yenə də trollardan gələn mesaj çox aydındır – “Biz indi bu insana hücum edirik.” Ona görə də, bunu demək çətindir, amma hər bir halda hökumət bu hücumların iki addımlığındadır.

- Hal-hazırda inkişaf edən elə bir texnologiya varmı ki, azərbaycanlı fəallar ondan istifadə edə bilsin?

- Ölkədən kənarda yaşayan insanlar, blok olunması asan olmayan saytlar hazırlanmasında bacarıqlıdırlar. Həm də, WhatsApp vasitəsilə informasiyanı sürətlə yaya bilirlər. Onlar insanlara məlumatların ötürülməsində çox yaradıcıdırlar. Lakin qeyd etmək lazımdır ki, ABŞ-da gənclər artıq Facebook-dan demək olar ki, istifadə etmirlər. Digər ölkələrdə də sosial media transformasiyasının necə baş verəcəyini izləmək çox maraqlı olacaq. Gənclər Instaqram-a, ya da Snapchat-a keçir. Biz isə hökumətin buna reaksiyasını müşahidə edəcəyik. Onlar insanların izlənilməsinə daha çox resurs cəlb edəcəklərmi? Biz hələlik bunun necə dəyişəcəyini bilmirik.