Azərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə iyulun 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Məlumatda deyilir ki, hazırkı dövrədək ölkəmizdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8 031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6976 koronavirus testi aparılıb,” qərargahın məlumatında bildirilir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.
Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.
Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.
Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək, sonra isə avqustun 1-dək uzadılıb.
Operativ Qərargah iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Daha sonra isə iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin sistemi tətbiq edilib, SMS-icazə sisteminə keçilib.
Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb. Habelə təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.
Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə verilib.
Əhalinin qalan qrupları yenə küçəyə çıxarkən bir müddət öncə olduğu kimi SMS-lə icazə alır. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər genişləndirilib. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfnində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir. SMS-icazə ilə insanlar evlərini yalnız iki saat müddətinə tərk edə bilər.
İyunun 25-də baş nazir Əli Əsədov karantin dövründə iş yerində işləməyə icazə verilən işçilərin sayının azaldılması barədə qərar imzalayıb.
Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən, iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.