Azərbaycanda daha 1 032 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb 

Koronavirus

Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası açıqlanıb.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 032 yeni yoluxma faktı qeydə alınıb, 1 043 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 179 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 023 nəfər müalicə olunaraq sağalıb, 6 664 nəfər vəfat edib. 12 492 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 385, bu günə qədər isə ümumilikdə 4 952 737 test icra olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır. Oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Əlavə olaraq, istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti bərpa olunub.