Azərbaycanda COVID-19-a yoluxma halı azalmaqda davam edir

COVİD-19

Dekabrın 26-da Azərbaycanda koronavirus infeksiyasına 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 213192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib, aktiv xəstə sayı 46238 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12507, ötən müddət ərzində isə ümumilikdə 2 141 798 test aparılıb.

Ölkədə son həftələrdə, karantin rejimi sərtləşdirildikdən sonra infeksiyaya yoluxma halı azalmaqda davam edir. Karantin rejimi sərtləşdirilənə qədər infeksiyaya gündəlik yoluxanların sayı 4000-4500 arasında idi. Dünən, dekabrın 25-də ölkədə 1703 nəfər virusa yoluxub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.