Azərbaycanda COVİD-19-a yoluxanların sayı artmaqda davam edir

Avqustun 19-da COVİD-19 statistikası

Azərbaycanda koronavirus infeksiyasından daha 162 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 34 min 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib. Aktiv xəstə sayı 1747 nəfərdir.

Ötən müddət ərzində 849 min 628 test aparılıb. Bugünkü test sayı isə 6359-dur.

Karantin rejimi yumşaldıldıqdan sonra son günlərdə infeksiyaya yoluxma halları artmada davam edir. Belə ki, avqustun 15-də 89, avqustun 16-da 112, avqustun 17-də 124 yoluxma qeydə alınıb. Avqustun 18-də isə 131 olub.

COVID-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.

Avqustun 18-dən isə ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb.