Azərbaycanda COVİD-19-a yeni yoluxanların sayı, sağalanlardan çoxdur

Avqustun 23-də Azərbaycanda koronavirus infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, 1 763 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 432, bu günə qədər isə ümumilikdə 873 777 test icra olunub.

COVID-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.

Avqustun 18-dən ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb.