Azərbaycanda 803 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib

Yanvarın 3-də Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib. Hazırda 22 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, bu günə qədər isə ümumilikdə 2 210 426 test icra olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.