Azərbaycanda 4387 nəfər koronavirusa yoluxub, 38 nəfər vəfat edib 

Azərbaycanda 4387 nəfər koronavirusa yoluxub, 38 nəfər vəfat edib

Dekabrın 8-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, COVID-19 testinin nəticəsi müsbət çıxan daha 38 nəfər vəfat edib. "İndiyədək ölkədə ümumilikdə 154 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 93 411 nəfər müalicə olunaraq sağalıb, 1 713 nəfər vəfat edib, aktiv xəstə sayı 59 028 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 321, bu günə qədər isə ümumilikdə 1 865 512 test icra olunub", o bildirib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn ilin yanvar ayının 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.