Azərbaycanda 300 tibb işçisi koronavirusa yoluxub

Bu günə qədər Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 24-də keçirdiyi brifinqdə səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Nazir müavini virusa yoluxan tibb işçilərinin artıq 65 faizinin sağaldığını deyib.

"Yoluxanlar arasında həm həkim, həm də orta tibb işçisi olub," o qeyd edib.

Yerli mətbuatın məlumatına görə, Azərbaycanda virusa yoluxan təcili tibbi xidmətin həkimi Zakir Xəlilov aprelin 18-də vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, koronavirusa yoluxan şəxslərin 52,1 faizindən çoxu Bakı üzrə qeydə alınıb.

"Yoluxma hallarında xarici vətəndaşların sayı 13,16%, Aran zonasında 6,88%, Lənkəranda 8,28%, Abşeronda 5,54%, Gəncə- Qazax zonasında 7,62%, Quba-Xaçmazda 2,4%, Yuxarı Qarabağda 1,07%, Şəki- Zaqatalada 1,27%, Dağlıq Şirvanda 1,4%, Naxçıvanda 0,27% təşkil edib."

Bayramlının sözlərinə görə, virusa yoluxanların 5 faizi 0-9 yaş arası uşaqlardır.

Virusa yoluxanların 6 faizi 10-19, 14 faizi 20-29, 18 faizi 30-39, 16 faizi 40-49, 22 faizi 50-59, 13 faizi 60-69, 4 faizi 70-79, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir.

“40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.”

Öz növbəsində, Viktor Qasımov deyib ki, koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.

Qasımovun sözlərinə görə, Azərbaycanda hazırda ev şəraitində karantində olan 3.000-ə yaxın insan var.