Azərbaycanda 3 milyonadək insan vaksinasiya olunub

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfər təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, bu günə qədər isə ümumilikdə 3 675 862 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 989 min 458-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 949 min 635, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 039 min 823 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

Azərbaycanda COVID pasportu tətbiq olunur.