Azərbaycanda 168 yeni yoluxma, 5 ölüm

Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb, 5 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.

“Hazırkı dövrədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir" - deyə, məlumatda bildirilir.

Qərargahdan bildirildiyinə görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302 933 test aparılıb.

Statistik məlumatların təhlili göstərir ki, ölkədə karantin reimi yumşaldıldıqdan sonra koronavirusa yoluxma halı sürətlə artmaqdadır.

Müşahidəçilər hesab edir ki, koronavirusa yoluxma hallarının sürətlə artmasına karantin rejiminin yumşaldılması ilə yanaşı, əsasən son günlər Rusiyadan, Türkiyədən Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi təkan verib.

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirilməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb.

Eyni zamanda mayın 31-dən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunub;

- Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

- Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib;

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçiriləcək (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Karantin qaydalarının pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

“Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir. Bu qaydaları gözləməyənlər qanunvericiliyə uyğun olaraq cəzalandırlacaq,” Nazirlər Kabineti bildirir.