Azərbaycan ölkəyə giriş-çıxışa məhdudiyyəti mayın 31-dək uzadıb

Nazirlər Kabineti

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

“COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılıb,” Operativ Qərargah bildirir.

Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 4-dək davam edəcək. Ölkəyə quru, hava və dəniz nəqliyyatları vasitəsi ilə giriş-çıxış məhdudlaşdırılıb.