Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda nazirlərin gözlənilən göürüşünü şərh edib

Xarici İşlər Nazirliyi

"Ermənistan belə bir mif yayır ki, guya Azərbaycan və Dağlıq Qarabağ arasında münaqişə mövcuddur. Amma Ermənistan elə özü münaqişənin guya ki, “Azərbaycanla Dağlıq Qarabağ arasında olması” rəvayətini yox edir. Bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir. Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır.”

Leyla Abdullayeva

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva rəsmi Yerevanın son bəyanatları və Ermənistan müdafiə nazirinin azərbaycanlı hərbçini öldürənləri mükafatlandırması fonunda iyunun 20-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin gözlənilən görüşünü şərh edərkən bildirib.

SEE ALSO: Minsk Qrupunun həmsədrləri: “Tərəfləri aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyirik”

"Münaqişənin həlli üzrə danışıqların mövzusuna gəldikdə, hər zaman qeyd etmişik və bir daha təkrar etmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir. ATƏT-in Minsk Qrupunun 9 mart 2019-cu il tarixli bəyanatında müzakirələrin əsas prinsip və elementlərinə aydınlıq gətirilir. Əlbəttə, danışıqlar eyni çərçivədə və mövcud zəmin əsasında davam etdirilməlidir. Bundan öncəki görüşlərdə əldə edilmiş razılıqların, xüsusilə də Minsk Qrupun həmsədrlərinin təklif etdiyi kimi iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylər davam etdirilməlidir, çünki bu, prosesin irəli aparılması baxımından vacibdir," o qeyd edib.

"Vaşınqton görüşündən gözləntiyə gəldikdə isə, hər bir görüşdən gözlənti əlbəttə, substantiv danışıqlarla prosesin irəli aparılmasıdır. Xarici işlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər. Həmçinin fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi “eksklüziv olaraq sülh yolu ilə həllinə” töhfə verə bilər,” Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.

Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan

Ermənistan Xarici İşlər Nazirlyinin iyunun 14-də yaydığı bəyanatda deyilir ki, son zamanlar cəbhə xəttində yaranan gərginlik, insanların öldürülməsi Vaşinqtonda planlaşdırlan görüşqabağı yaxşı olmayan atmosfer yaradır.

“Azərbaycanın hərəkəti gücdən istifadə, güc yolu ilə hədələmə xarakteri daşıyır və münaqişənin sülh yolu ilə həlli istiqamətdə irəliləməyə mane olur,” Ermənistan Xarici İşlər Nazirliynin bəyanatında deyilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri xarici işlər nazirlərinin görüşünü hazırlamaq məqsədi ilə bu il mayın 27-dən 30-dək regionda səfərdə olub, Ermənistanda, Azərbaycanda və Dağlıq Qarabağda görüşlər keçirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfərlərinin yekunları ilə bağlı yaydığı birgə bəyanatda deyilir ki, həmsədrlər bu səfərlərinin əsas məqsədi kimi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyətin qiymətləndirilməsini, habelə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində aprelin 15-də aparılan danışıqların davam etdirilməsini müzakirə edib.

Xahişə uyğun olaraq, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirlərilə bağlı təkliflərini açıqlayıblar.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatından sitat

“Xahişə uyğun olaraq, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirlərilə bağlı təkliflərini açıqlayıblar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların himayəsində görüşmək təklifini qəbul edib,” bəyanatda qeyd edilir.

Həmsədrlərin bəyanatında həmçinin təmas xəttindəki son insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb.

Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmsədrlər Azərbaycanda səfərdə olarkən, mayın 30-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində, snayper atəşi ilə Azərbaycan Müdafiə Nazirliyinin zabitinin öldürüldüyünü bildirib.

Bu zaman Ermənistan tərəfi atəşkəsin pozulmadığını, cəbhənin bütün istiqamətlərində atəşkəs rejiminə əməl edildiyini bəyan edib. Buna baxmayaraq, həmsədrlərin regiona səfərindən sonra cəbhənin Dağlıq Qarabağ istiqamətində Ermənistanın və Azərbaycanın hər birinin iki hərbçisi öldürülüb.

SEE ALSO: Azərbaycan hərbçisi həlak olub

Cəbhədə gərginlik artmaqda davam edir. İyunun 13-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın aviasiya vasitəsinə ermənilər tərəfindən raket zərbəsi endirildiyini bildirib.

Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir. Azərbaycan tərəfi cəbhədə gərginliyin artmasını Ermənistanın danışıqları pozmaq cəhdi kimi qiymətləndirir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Azərbaycanın Ağdam şəhərindən görüntü, (Foto - Sergey Ponomarev for The New York Times)

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.