Bazar ertəsi Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və Xarici İşlər Naziri Ceyhun Bayramov xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların Azərbaycan ofislərinin rəhbərləri üçün keçirdikləri brifinqdə sentyabrın 27-də Ermənistan-Azərbaycan cəbhəsində baş verənlərə görə Ermənistanın məsuliyyət daşıdığını bildirib.
Ermənistanın Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda hücumun Azərbaycan tərəfindən başlanıldığına dair "danılmaz faktlar"-ın olduğunu bildirib. Rəsmi Yerevan Azərbaycanı hərbi əməliyyatları qabaqcadan planlaşdırmaqda və Türkiyəni bu məsələdə Azərbaycana aktiv yardım göstərməkdə ittiham edib.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan müharibə istəmir və müharibəyə başlamayıb.
“Müharibə 30 ildir Azərbaycan ərazisində gedir. Bu Azərbaycanın müharibəsi deyil, Azərbaycana qarşı müharibədir. Azərbaycan Ordusu əhalini müdafiə edir, ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri daxilində suverenliyinin bərpası uğrunda mübarizə aparır. Bu Azərbaycan üçün vətən müharibəsidir,” o deyib.
Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlət başçılarının status-kvonun qəbul edilməzliyi ilə bağlı bəyanatlarına baxmayaraq hər hansı dəyişiklik baş verməyib.
“Bu döyüşlər həm də sülhə məcburetmə kimi qəbul edilməlidir,” o, qeyd edib.
Ermənistan tərəfi yaydığı bəyanatda son döyüşlərin iki əsas cizgisinə diqqət çəkib. Rəsmi Yerevan Azərbaycanın Prezident İlham Əliyev səviyyəsində sülh prosesini ictimai şəkildə qınadığını və Türkiyədən "irimiqyaslı siyasi-hərbi" yardım aldığını bəyan edib.
"Türk hərbi ekspertlər dronlar və hərbi təyyarələr daxil olmaqla Türkiyə silahlarından istifadə edən Azərbaycanla çiyin-çiyinə döyüşürlər," Ermənistan XİN-in bəyanatında qeyd olunur.
Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov cəbhədəki son durumla bağlı məlumat verdikdən sonra çoxsaylı ölkələrin xarici işlər nazirləri ilə cəbhədəki durumu müzakirə etdiyini bildirib.
“Dünən Rusiya, İran xarici işlər nazirləri, ABŞ Dövlət Katibinin müavini, Avropa İttifaqının xüsusi nümayəndəsi və digər beynəlxalq təşkilatların nümayəndələri ilə əlaqə saxlanılıb, onlar məlumatlandırılıb.”
Bayramovun fikrincə, Ermənistan tərəfi bir qayda olaraq danışıqlar prosesini pozub.
“Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində destruktiv mərhələ yarandı. Bu mərhələdə kiçik və irimiqyaslı təxribatların şahidi olduq. Əsas məqsəd danışıqlar prosesini tam məhv etmək, status-kvonu möhkəmlətməyə nail olmaqdır. 2019-cu ildə Paşinyan qanunsuz olaraq qondarma “Artsax” adı qoyduqları Dağlıq Qarabağın Ermənistan olduğunu bildirdi. Bu, açıq təxribat idi. Bundan sonra Ermənistan müdafiə naziri yeni ərazilərin işğalını hədəf elan etdi. Bu, danışıqlar prosesinə növbəti zərbə idi. Mart ayında Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı qondarma andiçmə mərasimi Azərbaycanın qədim şəhəri Şuşada keçirildi. Bununla danışılar prosesini iflic etdilər,” o, qeyd edib.
Ermənistan qüvvələrinin Azərbaycan-Türkiyə ittifaqına qarşı savaşdığını vurğulayan rəsmi Yerevan bu ittifaqı region üçün "ciddi təhlükə" adlandırıb.
"Ermənistan qəti əmindir ki, Azərbaycanın hərbi avantürası iflasa uğrayacaq və Azərbaycan problemi hərbi yollarla çözmək məramından imtina etməli olacaq," bəyanatda deyilir.
Sentyabrın 27-də Ermənistan-Azərbaycan cəbhə xəttində aktiv hərbi əməliyyatlar bərpa olunub. Cəbhə boyunca aparılan döyüşlər zamanı hər iki tərəfdən çoxsaylı hərbiçilər və mülki şəxslərin həlak olduğu bildirilir.
Beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dayandırılmsı çağırışlarına baxmayaraq, genişmiqyaslı döyüşlər davam edir.