Fevralın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə edib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobili və xüsusi texnikası yerləşdirilib.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.
Sənədə əsasən 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam rayonu ərazisində birgə bəyanatın yerinə yetirilmə vəziyyətinə nəzarət edəcək Türkiyə-Rusiya hərbçilərindən (hər ölkədən 60 hərbçi olmaqla) ibarət birgə monitorinq mərkəzi fəaliyyətə başlayıb.
2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.
Yanvarın 30-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirinin müavinlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib.
İclasda Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu bəndinin icrasından irəli gələn əsas iş sahələri (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi), habelə 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2 (prioritet qismində dəmir yolu və avtomobil yollarının müəyyən edilməsi), 3 (vəzifəli şəxslərdən ibarət ekspert yarımqruplarının tərkibinin təsdiq edilməsi), 4-cü (zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikilməsi) bəndlərinə baxılıb.
Məlumatda deyilir ki, tərəflər ekspert alt qruplarının yaradılması, dəmir yolu, avtomobil və kombinə edilmiş nəqliyyat, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi məsələləri barədə razılığa gəlib.