Azərbaycan və Türkmənistan konstruktiv əməkdaşlığın davam etdirilməsinə tərəfdardır

Novruz Məmmədov və Qurbanqulu Berdımuhammedov

Avqustun 12-də Türkmənistanda keçirilən Birinci Xəzər İqtisadi Forumu çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla Azərbaycanın baş naziri Novruz Məmmədov arasında görüş olub

Türkmənistan mediasının məlumatına görə, tərəflər ticarət-iqtisadi və mədəni-humanitar, həmçinin energetika-nəqliyyat-logistika layihələrində konstruktiv əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu bildirib.

Tərəflər yüklərin daşınmasında sərfəli marşrutları təmin edən transkontinental tranzit-nəqliyyat dəhlizlərinin və onların beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiyasının, əsasən Lapis Lazuli beynəlxalq tranzit-nəqliyyat dəhlizinin reallaşmasının vacibliyini qeyd edib.

Azərbaycan-Türkmənistan münasibətləri

Sovet dönəmində Azərbaycan-Türkmənistan münasibətləri normal olsa da müstəqillik dövrünün ilk illərində münasibətlərdə gərginlik müşahidə edilib.

Diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib.

2002-ci ilin avqustunda Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb.

İki ölkə arasında iqtisadi münasibətlər 2000-ci ilin sonlarında bərpa olunub. Azərbaycanın 1990-cı illərdə qaz alqı-satqısı zamanı Türkmənistana olan borcunu 2008-ci ildə qaytarması münasibətlərdə irəliləyiş yaradıb.

Bununla yanaşı, Xəzərin hüquqi statusu və milli sektorların sərhədləri, Xəzər dənizində əməkdaşlıq, dənizdə karbohidrogen ehtiyatlarının işlənməsi və xarici bazarlara çıxarılması məsələlərində iki ölkə arasında fikir ayrılığı olub.

Xəzərin milli sektorlara bölünməsi, karbohidrogen ehtiyatlartından istifadə məsələlərində fikir ayrılığı hələ qalsa da enerji ehtiyatlarının Azərbaycan ərazisi vasitəsi ilə bazarlara çıxarılması və tranzit daşımaları sahəsində iki ölkə müəyyən razılığa gəlib. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini istifadəyə verdikdən sonra Türkmənistan tranzit ölkəyə çevrilib.

Türkmənistan 2017-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına qoşulub. Türkmənistan qazının bu dəhliz vasitəsi ilə Avropa bazarlarına çıxarılmasını istəyir.

2018-ci ilin noyabrında Türkmənistan prezidenti Azərbaycana səfər edib. İki ölkə arasında iqtisadi-ticarət, təhsil, tranzit və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi $133,151,000 dollar olub.

Hazırda Türkmənistanda 40 minədək azərbaycanlı yaşayır. Son illər Bakıda Türkmənistandan olan turistlərə tez-tez rast gəlmək mümkündür.