Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Çavuşoğlu və Bayramov

Avqustun 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov, Azərbaycanın bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğunu vurğulayıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İyulun 30-da Azərbaycan Baş naziri Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olmuşdu.

Telefon danışığında meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanmışdı.

"Azərbaycan Prezidentinin ... göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək", deyə bildirilirdi.

İyulun 28-i və 29-da Türkiyənin 20-dən çox vilayətində baş verən 60-dan artıq meşə yanğını nəticəsində azı bir neçə nəfərin həlak olduğu bildirilir. Yanğın nəticəsində bir çox heyvanın tələf olduğu, bir çox ev, iaşə obyektlərinin yararsız vəziyyətə düşdüyü deyilir.