Azərbaycan və Rusiya prezidentləri münaqişədən sonrakı durumu müzakirə edib

“Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq.”

Bu barədə bu gün, iyulun 20-də Moskvaya işgüzar səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, danışıqların gündəliyində regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var.

“Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb,” Əliyev qeyd edib.

Azərbaycan Prezidenti Rusiya ilə iqtisadi əlaqələrdən danışarkən deyib ki, ilin birinci yarısında əmtəə dövriyyəsi artıb.

“Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb,” o qeyd edib.

Əliyev deyib ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır.

“Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır.”

Prezident Vladimir Putin deyib ki, Rusiya Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işləyir.

Onun fikrincə, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır.

“Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq,” o qeyd edib.