Azərbaycan və Ermənistan jurnalistləri qarşılıqlı səfər edib

Dağlıq Qarabağ

“ATƏT-in fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin media nümayəndələrinin səfər mübadiləsi təşkil olunub”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Azərbaycasnın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

”Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər,” o qeyd edib.

Bununla yanaşı, Abdullayeva Azərbaycanın və Ermənistanın hansı media orqanlarının əməkdaşlarının qarşılıqlı səfərdə iştirak etdiyini deməyib.

Xatırladaq ki, bir neçə il əvvəl də iki ölkənin jurnalistləri və ictimai xadimləri qarşılıqlı səfərlər edib. Lakin bu səfərlər münaqişənin nizamlanmasında irəliyə doğru addımlar atılmasına töhfə verməyib.