Azərbaycan və Ermənistan tərəfi Rusiya sülhməramlılarının və Qırmızı Xaç Komitəsinin əməkdaşlarının vasitəçiliyi ilə müharibə zamanı həlak olan şəxslərin cəsədlərinin ərazidən götürülməsi işlərini davam etdirir.
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, hazırda cəsədlərin axtarışı davam etdirilir.
“Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır. Tərəflər, ilk növbədə, döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar. Bu istiqamətdə işlər Rusiya sülhməramlı qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir,” Səmədov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycana 14 nəfər hərbi əsir və mülki şəxs verib.
“Keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib. Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib,” o qeyd edib.
Səmədov bildirib ki, hazırda Ermənistanda üç Azərbaycan vətəndaşı əsir saxlanılır və Bakı Ermənistandan onların azad edilməsini tələb edir. Bununla yanaşı o saxlanılan şxslərin kimliyi barədə məlumat vermir.
O hazırda Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Öz növbəsində bu gün özünü Qarabağ Fövqəladə Hallar Xidmətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi təqdim edən Hunan Tadevosyan bildirib ki, Füzuli və Cəbrayıl rayonları ərazisində aparılan axtarışlar zamanı 40-dan çox erməni hərbçisinin qalıqları tapılıb.
"Dekabrın 17-də 41 cəsəd tapılıb. Dekabrın 18-də də Füzuli, Cəbrayıl və Hadrut ərazilərində axtarışlar davam ediriləcək. İş beş axtarış qrupu tərəfindən aparılır. İtkin düşən hərbçilərin valideynləri də prosesə cəlb olunur."
Onun sözlərinə görə, axtarışlar başlayandan ümumilikdə 933 erməni hərbi qulluqçusunun cəsədi tapılıb.
Ermənistan Səhiyyə Nazirliyi üç mindən çox hərbi qulluqçunun cəsədinin məhkəmə tibbi ekspertizası tərəfindən müayinə edildiyini bildirib. Bununla yanaşı, Ermənistanda çoxsasylı insanlar övladlarının və yaxınlarının itkin düşməsinə etiraz olaraq demək olar ki, hər gün etiraz aksiyaları keçirir.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, 44 günlük döyüş əməliyyatları zamanı 2783 nəfər hərbi qulluqçusunu itirib.
“Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir,” Müdafiə Nazirliyinin məlumatında deyilir.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.
Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.
Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın.