Azərbaycan və ABŞ müdafiə nazirləri görüşüb

Azərbaycan və ABŞ müdafiə nazirləri görüşüb

ABŞ Müdafiə naziri Mark Esper ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov arasında görüş keçirilib.

Bu barədə oktyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda görüşün ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşdiyi bildirilir.

Nazirlik qeyd edir ki, görüş NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantı çərçivəsində baş tutub.

Məlumatda vurğulanıb ki, tərəflər Azərbaycan ilə ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini nəzərdən keçiriblər:

"O cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional, qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin, sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb".

Azərbaycannın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1999-cu ilin sentyabrından Azərbaycanın sülhməramlı taqımı Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatda iştirak edib.

Hazırda Azərbaycan sülhməramlıları NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratmada iştirak edir.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Əməkdaşlıq dövründə Azərbaycan NATO-nun çoxsaylı təlimlərində, treyninqlərində, təhsil və digər proqramlarında iştirak edib, NATO-nun Azərbaycanda onlarla tədbirləri keçirilib. Çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirlməsində iştirak edib.

2015-ci ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin 94-nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında xidmətə başlayıb. 2018-ci ilin yanvarından orada Azərbaycan Ordusunun sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib.